TEHRANDA SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 26-da Tehranda - İran Prezidentinin sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid Məhəmməd Xatəminin iştirakı ilə Azərbaycan ilə İran arasında birgə sənədlərin imzalanma mərasimi olmuşdur.
Mərasimdə bildirildi ki, İran İslam Respublikası Prezidenti Seyid Məhəmməd Xatəminin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrana rəsmi səfərinin yekunlarına dair mətbuat üçün birgə bəyanat qəbul edilmişdir.
Sonra sənədlər imzalandı. Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında memorandumu, İran İslam Respublikasının Azərbaycan Respublikasına 1 milyon ABŞ dolları həcmində qrant ayırması haqqında memorandumu, İran İslam Respublikasına məxsus olan sənət əsərlərinin Azərbaycan Respublikası hökuməti tərəfindən İran İslam Respublikasına təhvil verilməsi haqqında protokolu xarici işlər nazirləri Elmar Məmmədyarov və Kamal Xərrazi imzaladılar.
İran muzeyindən oğurlanmış iki ədəd tarixi qılınc sənədlərin imzalanması mərasimində İran tərəfinə təqdim olundu.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə sahəsində əməkdaşlıq haqqında memorandumu səhiyyə nazirləri Əli İnsanov və Məsud Pezeşkian imzaladılar.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə İran İslam Respublikasının Maarif Nazirliyi arasında əməkdaşlıq haqqında memorandumu Azərbaycanın təhsil naziri Misir Mərdanov və İranın maarif naziri Murtuza Hacı imzaladılar.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə İran İslam Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi arasında anlaşma memorandumunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın iqtisadiyyat və maliyyə naziri Səfdər Hüseyni imzaladılar.
Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında Araz çayının hidroenergetika potensialının istifadəsi haqqında anlaşma memorundumunu Azərbaycanın sənaye və energetika naziri Məcid Kərimov və İranın energetika naziri Həbibulla Bitərəf imzaladılar.
Azərbaycan Dövlət Dəmir Yolu ilə İran Dəmir Yolu Təşkilatı arasında qarşılıqlı anlaşma memorandumunu Azərbaycan Dövlət Dəmir Yolunun rəisi Arif Əsgərov və İran Dəmir Yolu Təşkilatının sədri Məhəmməd Səid Nejad imzaladılar.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında mülki aviasiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi haqqında anlaşma memorandumunu “Azərbaycan Hava Yolları” Dövlət Konserninin baş direktoru Cahangir Əsgərov və İran Mülki Aviasiya Təşkilatının sədri Nurəddin Rezayi Neyarəki imzaladılar.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Seyid Məhəmməd Xatəminin birgə mətbuat konfransı oldu.