İDMAN
Tehranda sərbəst güləş üzrə böyüklər arasında dünya Kuboku yarışları davam edir
Bakı, 22 fevral (AZƏRTAC). Fevralın 22-də Tehranda sərbəst güləş üzrə böyüklər arasında dünya Kuboku yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, sərbəst güləş yarışlarında Azərbaycanla yanaşı, Rusiya, İran, ABŞ, Gürcüstan, Qazaxıstan, Yaponiya, Belarus, Bolqarıstan və Türkiyə güləşçiləri iştirak edirlər.
Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan yığması Rusiya, Türkiyə, Belarus və Qazaxıstanla birgə A yarımqrupunda, İran, Bolqarıstan, ABŞ, Yaponiya və Gürcüstan komandaları B yarımqrupunda mübarizə aparırlar.
Qaydalara əsasən, yarımqrupun liderləri finalda, qrup ikinciləri isə üçüncülük uğrunda görüşəcəklər.
Azərbaycan güləşçiləri ilk görüşünü Rusiya yığmasına qarşı keçirmişlər. Görüş Rusiya təmsilçilərinin qələbəsi ilə başa çatmışdır. Yarımqrupun ikinci görüşündə Belarus güləşçiləri ilə qarşılaşan yığmamız gərgin keçən görüşdən qələbə ilə ayrılmışdır. Komandamızın növbəti görüşü Qazaxıstan güləşçiləri ilə olmuş və bu dəfə də güləşçilərimiz rəqiblərindən üstün ola bilməmişlər. Yarımqrupda son görüş Türkiyə yığmasına qarşı keçiriləcəkdir.