TƏHSİL MİLLƏTİMİZİN GƏLƏCƏYİDİR
İclasda qeyd olunmuşdur ki, əvvəlki dərs illərindən fərqli olaraq 2004-2005-ci tədris ilində ümumtəhsil məktəblərinin yeni dərs ilinə hazırlığı sahəsində xeyli işlər görülmüşdür. Qısa vaxt ərzində 132 yerlik Həmyəli kənd məktəbi üçün yeni bina tikilmiş, Şəhriyar qəsəbə və Nüydü kənd orta məktəblərinin binalarında əsaslı təmir işləri aparılmış, Adnalı kənd orta məktəbi üçün əlavə 10 sinif otağının tikintisinə başlanılmış, Qızmeydan kənd orta məktəbinin tikintisi ilə əlaqədar torpaq sahəsi ayrılmış və lazımi sənədlər hazırlanaraq müvafiq respublika təşkilatlarına göndərilmişdir. Bundan əlavə rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir tədris avadanlıqları ilə təmin edilməsi sahəsində xeyli işlər görülmüşdür. Belə ki, rayon üzrə 79,8 milyon manatlıq şagird partası, 67,5 milyon manatlıq stol və stul alınmış, əsasən daha çox ehtiyacı olan məktəblərə verilmişdir. Eyni zamanda Şamaxının bütün ümumtəhsil ocaqları tələb olunan qədər gündəlik və kitablarla təmin olunmuşdur.
Şura iclasında görülmüş işlərlə yanaşı nöqsan və çatışmazlıqlara da ətraflı toxunulmuş və onların aradan qaldırılması yolları göstərilmişdir. Qeyd olunmudur ki, rayonun ümumtəhsil məktəblərində uzun illərdən bəri mövcud olan bu problemlər ən qısa vaxt ərzində aradan qaldırılmalı, təhsilin keyfiyyəti yaxşılaşdırılmalı, onun maddi-texniki bazası daha da möhkəmləndirilməlidir.
İclası rayon icra hakimiyyətinin başçısı N.Məmmədov yekunlaşdırmışdır. Müzakirə olunan məsələ ilə əlaqədar müvafiq qərar qəbul edilmişdir.