Təhsil müəssisələrində Zəfər sevinci
Bakı, 6 noyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən bildirilib.
Tədbirlər çərçivəsində Zəfər Gününə həsr olunmuş xüsusi dərslər, forum, konfrans, simpozium, dəyirmi masa və seminarlar təşkil edilib, şagirdlərin Zəfər Muzeyinə ekskursiyaları reallaşdırılıb, müxtəlif müsabiqə, sərgi və festivallar keçirilib. Həmçinin idman yarışları, yeniyetmə və gənclər arasında vətənpərvərlik mövzusunda tədbirlər təşkil olunub, konsert və tamaşalar nümayiş etdirilib.
Tədbirlərdə BŞTİ-nin, rayon icra hakimiyyətlərinin, müxtəlif idarə və təşkilatların nümayəndələri, şəhid ailələri, qazilər, təhsil müəssisələrinin pedaqoji kollektivləri, şagirdlər və valideynlər iştirak ediblər. Tədbirlər ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb. Məktəblilərə Vətən müharibəsində əldə olunan tarixi Qələbənin əhəmiyyəti barədə ətraflı məlumat verilib, Zəfər Gününə aparan tarixi yol, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun qəhrəmanlığı, hərbçilərimizin şücaəti və xalqımızın birliyi xüsusi vurğulanıb. Gənc nəslə Vətənə sevgi, milli-mənəvi dəyərlərə bağlılıq, tariximizə hörmət və dövlətçilik ənənələrinə sədaqət kimi mühüm keyfiyyətlərin aşılanmasının əhəmiyyəti diqqətə çatdırılıb. Tədbirlərin keçirilməsində əsas məqsəd Zəfər tarixinin təhsilalanlar arasında təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, Vətən müharibəsinin tarixi əhəmiyyətinin və qazanılmış Zəfərin yaddaşlarda yaşadılmasından ibarətdir.