ELM VƏ TƏHSİL
Təhsil Nazirliyi 14 idman növü üzrə məktəblilərarası zona yarışlarına başlayıb
Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 21-də Təhsil Nazirliyi “Bakı 2015” birinci Avropa Oyunlarının proqramına daxil olan 14 idman növü üzrə (velosiped, voleybol, stolüstü tennis, taekvondo, karate, güləş, çimərlik futbolu, cüdo, boks, basketbol, badminton, yüngül atletika, akrobatika və bədii gimnastika) məktəblilərarası zona yarışlarına start verib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, birinci Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kampaniyası çərçivəsində təşkil olunan bu yarışlar mayın sonunadək davam edəcək. Yarışlarda altı mindən çox şagirdin iştirakı nəzərdə tutulub.
Zona yarışlarının keçirilməsində məqsəd birinci Avropa Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların vətənpərvərlik ruhunda tərbiyəsində bədən tərbiyəsinin və idmanın rolunu artırmaqdan ibarətdir.
Qaliblər nazirlik tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.