ELM VƏ TƏHSİL
Təhsil Nazirliyi: şagirdimiz informatika üzrə beynəlxalq olimpiadadan gümüş medal qazanıb
Bakı, 30 noyabr, AZƏRTAC
Bolqarıstanın Şumen şəhərində onlayn formatda informatika fənni üzrə 13-cü payız turniri təşkil edilib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, aşağı yaş qrupu üzrə 15 ölkədən 168 məktəblinin qatıldığı olimpiadada nazirliyin birbaşa tabeliyindəki Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Fidan Hüseynova gümüş medal qazanıb.
Xatırladaq ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Təhsil İnstitutu və “Azercell Telekom” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. Sözügedən müddətdə məktəblilərimiz müxtəlif miqyaslı beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 1 qızıl, 7 gümüş və 18 bürünc olmaqla, ümumilikdə 26 medal əldə ediblər.