Təhsil Nazirliyi və TƏBİB arasında əməkdaşlıq müzakirə olunub
Bakı, 17 iyun, AZƏRTAC
Təhsil Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) arasında əməkdaşlıq əlaqələrinə dair görüş keçirilib.
AZƏRTAC TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, görüşdə təhsil naziri Emin Əmrullayev intensiv tibbi müayinələrin bir çox xəstəliklərin erkən aşkarlanmasına xidmət etməklə yanaşı, şagirdlərin tədris proqramlarının mənimsəmə səviyyəsinin müəyyən edilməsinə kömək edə biləcəyini qeyd edib.
Nazir təhsil alanların ilkin tibbi göstəricilərinə dair məlumatlarının təhsil sisteminin informasiyalaşdırılması üzrə məlumat bazasının alt sisteminə inteqrasiya edilməsini təklif edib.
TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair” və “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair” birgə əməkdaşlıq tələb edən dövlət proqramları üzrə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə təhsil müəssisələrində tibbi xidmətlərin təşkili, bu istiqamətdə müasir tələblərin müəyyən edilməsi, tibb məntəqələrinin sayının artırılması, tibbi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, ixtisaslı mütəxəssislər tərəfindən uşaqların mütəmadi müayinəsinin həyata keçirilməsi və digər məsələlər müzakirə olunub.
Təhsil müəssisələrində infeksiyaya nəzarət tədbirləri haqqında təbliğatın aparılması, məktəblərdə və məktəbəqədər təhsil müəssisələrində gigiyenaya dair maarifləndirmə, qidalanma normaları, peşə təhsili müəssisələrində texniki işçilərin yetişdirilməsi üçün laboratoriya, radiologiya üzrə texnik, qeydiyyatçı kimi müvafiq bölmələrin açılması barədə fikir mübadiləsi aparılıb.
Sonda əməkdaşlığa dair birgə memorandumun imzalanması qərara alınıb.