TƏHSİL NAZİRLİYİNDƏ GÖRÜŞ OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, görüşdə nazir Misir Mərdanov təhsilimizin inkişafında xalqımızın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmış, ümummilli liderimizin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
Təhsilimizə göstərilən qayğı və diqqətdən söhbət açan nazir M.Mərdanov respublikamızda ilbəil təhsil sahəsinə dövlət büdcəsindən ayrılan vəsaitin artırıldığını qeyd etmiş, eləcə də mövcud problemləri və onların həlli ilə bağlı həyata keçirilən tədbirləri diqqətə çatdırmışdır.
Küveytlə təhsil sahəsində əməkdaşlığa hazır olduğunu bildirən M.Mərdanov ölkələrimiz arasında elm və təhsil əlaqələrinin genişləndirilməsinin, tələbə mübadiləsi aparılmasının, birgə konfranslar keçirilməsinin, Bakıda ərəb dilli təmayüllü məktəblərin yaradılmasının vacibliyini söyləmişdir.
Görüşdən məmnun olduğunu bildirən Küveyt naziri doktor Abdullah Məətuq əl-Məətuq ölkəsinin təhsil sistemi barədə məlumat vermiş, bu sahədə əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulamışdır. Qonaq, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq aləmdə Küveyt dövləti tərəfindən müdafiə olunduğunu bildirmişdir.
Görüşdə, həmçinin ölkələrimiz arasında təhsil əlaqələri ilə bağlı müzakirələr olmuş, maraqlı təkliflər verilmişdir.