ELM VƏ TƏHSİL
Təhsil Nazirliyinə apreldə 16 min 75 müraciət daxil olub
Bakı, 3 may, AZƏRTAC
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2016-cı ilin aprel ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, qeyd olunan müddətdə 16 min 75 müraciət qəbul edilib. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 11 min 701 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,2 dəfə çox, 2014-cü il ilə müqayisədə üç dəfə çox, 2015-ci il ilə müqayisədə isə 1,6 dəfə çox) daxil olub.
Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 4 min 374 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll edilib. Vətəndaşların Qəbulu Mərkəzində 1428 sənəd (794 məktub, 474 ərizə, 160 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlərdə daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu və yerdəyişməsi, ümumi təhsil məktəblərinin birinci siniflərinə qəbul, yerli ali təhsil müəssisələrinə köçürülmə və bərpa olunma, təhsil haqqından azad edilmə ilə bağlı məsələlər əksini tapıb.
Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin cümə (2669 zəng) və bazar ertəsi (2350 zəng) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin cümə (1014 müraciət) və bazar ertəsi (975 müraciət) günləri, əsasən, saat 11:00-dan 13:00-dək və 14:00-dan 15:00-dək müraciət edilib.