ELM VƏ TƏHSİL
Təhsil Nazirliyinə daxil olan müraciətlərlə bağlı müvafiq tədbirlər görülüb
Bakı, 9 yanvar, AZƏRTAC
Ötən il Təhsil Nazirliyinin informasiya şöbəsinin vətəndaşlarla iş bölməsinə 154 min 226 müraciət daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Telefon Məlumat Mərkəzində 60 min 856 (2013-cü illə müqayisədə 4,7 dəfə çox), kommutator xidmətində 35 minə yaxın zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə 58 min 370 vətəndaşa xidmət göstərilib. Vətəndaşlar əsasən ali təhsil, beynəlxalq əməkdaşlıq və xaricdə təhsil, ümumi təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlər əsasən sorğu xarakterli olub. Onların əksəriyyəti dərhal cavablandırılıb və operativ həll edilib. On bir min 848 vətəndaş sorğusuna uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Əlavə olaraq, vəzifəli şəxslərin qəbuluna yazılmaq üçün elektron poçt vasitəsilə 531 müraciət, teleqram və məktub vasitəsilə 167 müraciət daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində 13 min 359 sənəd (6.275 ərizə, 6.139 məktub, 945 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Şikayətlərin qeydiyyatı proqramında isə 404 müraciət qeydiyyata alınıb və araşdırılması üçün müvafiq şöbələrə, idarələrə, sektorlara göndərilib.