ELM VƏ TƏHSİL
Təhsil Nazirliyinə daxil olmuş müraciətlərlə bağlı statistika açıqlanıb
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, statistikaya əsasən, bu ilin sentyabr ayında Telefon Məlumat Mərkəzinə 8 min 10 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə çox) və Kommutator Xidmətinə 3 min 700-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 8 min 122 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 1610 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.
Vətəndaşların Qəbulu Mərkəzində 1725 sənəd (1116 ərizə, 452 məktub, 157 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlərdə daha çox müəllimlərin işə qəbulu, diplomların tanınması, uşaqların vaxtından əvvəl I sinfə qəbulu və ali təhsil ilə bağlı məsələlər əksini tapıb.