ELM VƏ TƏHSİL
Təhsil Nazirliyinin nümayəndələri “EdTech Startap” müsabiqəsinin qalib komandaları ilə görüşüb
Bakı, 18 mart, AZƏRTAC
Bu ilin fevral - mart aylarında Təhsil Nazirliyinin nümayəndələri ilə “EdTech Startap” müsabiqəsinin qalib komandaları arasında silsilə görüşlər təşkil edilib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşlərin əsas məqsədi qalib komandaların təqdim etdikləri layihə mövzuları ilə yaxından tanış olmaq, irəli sürülən ideyanın inkişafı və reallaşması üçün dəstəyin göstərilməsi olub.
Görüş zamanı ideyaların müzakirəsi və gələcək planlar üzrə rəqəmsal təhsil sahəsində mövcud problemlərin innovativ həll yollarının araşdırılmasına xidmət edən layihə ideyalarının həyata keçirilməsi istiqamətində komanda üzvləri geniş məlumat verib və sualları cavablandırıblar. Növbəti mərhələdə qalib layihələrin ideyalarının təhsil sahəsində mövcud çağırışların həllinə uyğunlaşdırılması və məhsula çevirilməsi imkanları araşdırılacaq.
Xatırladaq ki, təhsilalanların innovativ təşəbbüslərinin aşkarlanması və dəstəklənməsi məqsədilə 2021-ci ilin noyabr-dekabr aylarında Təhsil Nazirliyi tərəfindən tələbələr arasında “EdTech Startap” müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində əsas məqsəd tələbələrin İKT və rəqəmsal təhsilə olan maraqlarının artırılması, təhsil sahəsində mövcud çağırışlar üzrə innovativ həll yollarının araşdırılması idi. Müsabiqədə III yerin qalibi ADA Universitetini təmsil edən “Find Your Instructor” komandası “Tələbələrin hazırlıq müəllimlərini asanlıqla tapa bilməsi”, II yerin qalibi Fransa Azərbaycan Universitetini (UFAZ) təmsil edən “Planophore” komandası “Şagird və tələbələrin biliklərini sınaya biləcəyi onlayn platformanın yaradılması”, I yerin qalibi Bakı Ali Neft Məktəbini təmsil edən “AzPlagio” komandası isə “Azərbaycan dilində plagiat aşkarlama platformasının yaradılması” mövzusunda layihə fikirlərini təqdim ediblər.