ELM VƏ TƏHSİL
Təhsil Nazirliyinin rəsmi saytında yeni “Təqvim” bölməsi yaradılıb
Bakı, 4 mart, AZƏRTAC
Vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, əlçatanlığın təmin edilməsi məqsədilə Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yeni “Təqvim” bölməsi istifadəyə verilib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, yeni bölmədə vətəndaşlar il ərzində nazirlik tərəfindən həyata keçiriləcək xidmətlər və tədbirlər barədə məlumat əldə edə və müvafiq olaraq onların başlama və bitmə tarixləri ilə tanış ola bilərlər.
Yeni yaradılan bölmə il ərzində həyata keçiriləcək tədbirlərin tarixini əks etdirərək vətəndaşların tədbirin statusu ilə bağlı məlumat əldə etməsində faydalı olacaq. Eyni zamanda, bölmədə təhsil pilləsinə, statusuna, başlama və bitmə vaxtına görə mövcud tədbirin daha asan tapılması məqsədilə filtr xidməti də əlavə olunub.
Bölmədə qeyd olunan tədbirlərin vaxtı il ərzində prosesin gedişatı ilə bağlı olaraq dəyişə bilər. Bu məqsədlə hər hansı bir tədbirin vaxtından xəbər tutmaq üçün vətəndaşların mütəmadi olaraq bölməyə nəzər yetirmələri tövsiyə edilir.