ELM VƏ TƏHSİL
Təhsil Problemləri İnstitutunun yeni loqosu təqdim edilib
Bakı, 27 noyabr, Kifayət Əliyeva, AZƏRTAC
Noyabrın 27-də Təhsil Problemləri İnstitutunda (TPİ) bu qurumun yeni loqosunun təqdimatına həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə TPİ-nin direktoru Qulu Novruzov institutda il ərzində görülən işlər, struktur dəyişiklikləri barədə məlumat verib. Bu ilin martında TPİ-nin yeni strukturunun təsdiqləndiyini bildirən direktor institutun fəaliyyətini qənaətbəxş hesab edib.
Daha sonra Q.Novruzov TPİ-nin gələcək fəaliyyət planı və görüləcək işlər barədə danışıb.
İnstitutun Təhsil Texnologiyaları Mərkəzinin rəhbəri Muxtar Həsənov TPİ-nin yeni loqosunu təqdim edib. Bildirilib ki, loqoda dövlətçilik və millilik atributunu əks etdirən səkkizguşəli ulduz, elmin, tədqiqatın, yaradıcılığın göstəricisi olan kitab, pero və məzun papağı təsvir edilib.
TPİ-də yeni yaradılmış şöbələr təqdim olunub, onların strukturu və fəaliyyəti ilə bağlı məlumat verilib.
İnstitutun xarici ölkələrdə səfərdə olmuş əməkdaşları hesabat məruzəsi ilə çıxış ediblər.
Tədbir struktur rəhbərlərinin iclası ilə davam edib.