ELM VƏ TƏHSİL
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin kadr bankında qeydiyyatdan keçənlərin sayı 500-ü ötüb
Bakı, 14 aprel, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin kadr bankında qeydiyyata düşən xaricdə təhsil alan və diplomları tanınan ərizəçilərin sayı 500 nəfəri ötüb.
Bu barədə AZƏRTAC-a agentlikdən məlumat verilib. Bildirilib ki, qeydiyyatdan keçən şəxslər arasında akvakultura mühəndisliyi, texnosfer təhlükəsizlik, təhsilin idarə edilməsi, telekommunikasiya mühəndisliyi, nanotexnologiyalar və mikrosistem texnikası, aqrobiznes, şəhərsalma, kino və mətbuat və digər sahələr üzrə ixtisaslaşmış kadrlar var.
Qeyd edək ki, bilik, bacarıq və səriştələri ölkə ərazisində tanınan şəxslərin əmək bazarına girişinə dəstək göstərmək və eyni zamanda, işəgötürənlərin işaxtaranlarla daha rahat şəkildə əlaqələndirilməsinə töhfə vermək məqsədilə 2021-ci ilin avqust ayında Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən xaricdə təhsil alan və diplomları tanınan ərizəçilərin tərcümeyi-hallarının yer aldığı elektron resurs - kadr bankı (www.kadr.taninma.az) istifadəyə verilib. Kadr bankı agentliyin xarici kvalifikasiyaların tanınması üzrə elektron xidmətlərin keyfiyyətinin və kəmiyyətinin artırılması istiqamətində həyata keçirdiyi layihələrdən biridir. İşəgötürənlərə təhsil ölkəsi, təhsil müəssisəsi və ixtisas üzrə axtarış etməklə tələblərinə uyğun namizədləri müəyyən etmək imkanı verir. Xarici diplomları ölkə ərazisində tanınan, lakin kadr bankına qoşulmamış ərizəçilər bu məqsədlə şəxsi kabinetlərində “Kadr bankına qoşul” düyməsini sıxmaqla tərcümeyi-hallarını portala əlavə edə bilərlər.