ELM VƏ TƏHSİL
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Malala Fondunun həmtəsisçisi ilə görüşüb
Bakı, 20 iyul, AZƏRTAC
Təhsilin İnkişafı Fondunun (TİF) İdarə Heyətinin sədri Elnur Nəsibov Malala Fondunun həmtəsisçisi Ziyauddin Yusafzay ilə onlayn görüş keçirib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, görüşün əsas məqsədi əməkdaşlığın perspektivlərini müzakirə etmək olub.
Görüşdə Z.Yusafzay qurumun yaranma tarixi, məqsədi və icra etdikləri layihələr haqqında məlumat verib.
E.Nəsibov da Təhsilin İnkişafı Fondunun məqsədi, fəaliyyəti, əsas prioritetləri və gələcək planları barədə qarşı tərəfi məlumatlandırıb.
Söhbət zamanı qızların təhsilə inteqrasiyası mövzusunda Malala Fondu ilə birgə layihələrin icrasına dair imkanlarından danışılıb, gələcəkdə birgə əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Malala Fondu 2013-cü ildə Malala və atası tərəfindən qızların təhsilinin sosial və iqtisadi dəyərini vurğulamaq üçün təsis edilən qlobal Fonddur. Fondun əsas məqsədi bütün dünyada qızların ümumi təhsilə əlçatanlılığı və onların eşidilmə hüququnu təmin etməkdir.