ELM VƏ TƏHSİL
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASININ SERVERİNƏ 7 MİNƏDƏK “ELEKTRON ƏRİZƏ” DAXİL OLMUŞDUR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, ali məktəblərə və orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək üçün indiyədək qurumun serverinə 6 min 900 “Elektron ərizə” daxil olmuşdur.
Ərizə təqdim edən abituriyentlər respublikanın bütün bölgələrini təmsil edirlər.
İnternetlə “Elektron ərizə” doldurduqdan sonra abituriyentlər aprelin 11-dən etibarən tələb olunan sənədləri təqdim edərək, Sənəd Qəbulu Komissiyalarında (SQK) ərizələrini təsdiq etdirəcəklər. SQK-nın ünvanları “Abituriyent” jurnalının 2-ci nömrəsində dərc edilmişdir.
Rus bölməsinə sənəd verən abituriyentlər mayın 3-də Azərbaycan dili fənni üzrə keçiriləcək imtahanda iştirak etmək üçün “Elektron ərizə”lərini aprelin 23-dək müvafiq SQK-da təsdiq etdirməlidirlər. Göstərilən tarixədək ərizələrini təsdiq etdirməyənlər və ilk imtahanda “məqbul” qiymət almayan abituriyentlər üçün bu fənndən növbəti imtahan 2008-ci il iyunun 20-də keçiriləcəkdir.
Hər gün TQDK-nın elektron poçtuna abituriyentlərin müxtəlif sual və müraciətləri daxil olur. Həmin suallara “Abituriyent” jurnalının 2-ci nömrəsində ətraflı cavab tapmaq olar.
TQDK-nın mütəxəssisləri qəbul imtahanlarına hazırlaşan gənclərə və onların valideynlərinə həmin jurnalla yaxından tanış olmağı, orada əksini tapan materialları diqqətlə oxumağı tövsiyə edirlər. Jurnalda qəbul imtahanları ilə əlaqədar təqdim olunan materiallar hər kəsin asanlıqla başa düşəcəyi tərzdə, sadə və anlaşıqlı formada hazırlanmışdır.