ELM VƏ TƏHSİL
“Tələbələr arasında dövlət rəmzlərinin təbliği” layihəsinə başlanılmışdır
Bakı, 13 mart (AZƏRTAC). Martın 13-də Trend xəbərlər şirkətinin mətbuat mərkəzində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi ali təhsil ocaqlarında “Tələbələr arasında dövlət rəmzlərinin təbliği” layihəsinə başlanılması ilə bağlı mətbuat konfransı keçirmişdir.
AZƏRTAC xəbər verir ki, ölkəmizin ali məktəb tələbələrinin iştirak etdikləri tədbirdə birliyin sədri Çingiz Bayramov İdman və Gənclər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, layihənin məqsədi Azərbaycanın gələcəyi olan gənclərin dövlət atributlarına - bayraq, gerb və himnə sevgisini artırmaq, onlara vətənpərvərlik hisləri aşılamaqdır.
Ç.Bayramov qeyd etmişdir ki, Azərbaycanın bütün dövlət və özəl universitetlərində cari tədris ilinin sonunadək həyata keçiriləcək layihə çərçivəsində hər ali məktəbdə 2 gün ərzində dövlət atributları ilə bağlı konfranslar keçiriləcəkdir. Gənclərimiz sosial şəbəkələrdə dövlət atributları ilə bağlı məlumatlar yerləşdirməli, müzakirələr aparmalıdırlar. O, həmçinin gənclərə dövlət atributlarını hər zaman uca tutmağı tövsiyə etmişdir.
Digər çıxış edənlər dövlət atributlarının yaranma tarixindən danışmış, gəncləri layihədə fəal olmağa çağırmışlar.