ELM VƏ TƏHSİL
Tələbələr Bakı Türk Şəhidliyi abidəsini ziyarət ediblər
Bakı, 31 mart, AZƏRTAC
Martın 31-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı, ADPU Könüllüləri Tələbə Birliyi və ADPU Türk Öyrənci Yönetim Konseyinin iştirakı ilə 31 Mart soyqırımının 104-cü ildönümünə həsr olunmuş yürüş keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, yürüş çərçivəsində tələbə təşkilatlarının nümayəndələri Bakı Türk Şəhidliyi abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.
1918-ci ilin mart soyqırımlarını öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri kimi dəyərləndirən ADPU TGT-nin sədri İsmayıl Nəsirov deyib: “Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edildi”.