REGİONLAR
Tələbələr könüllü olaraq İİV-test müayinəsindən keçiblər
Sumqayıt, 3 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Qızıl Aypara Cəmiyyəti (QAC) Sumqayıt şəhər bölməsi “İştirak et və öz İİV statusunu öyrən” devizi altında Sumqayıt Dövlət Universitetində tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, 1988-ci ildən başlayaraq dekabr ayında keçirilən bu ənənəvi tədbir ictimaiyyətin diqqətini qlobal pandemiya miqyasını almış İİV infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədi daşıyır.
İki hissədən ibarət olan tədbir universitetin akt zalında tələbələrin və könüllülərin iştirakı ilə başlayıb.
Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fövqəladə hallar şöbəsinin müdiri Elşən Səlimzadə, icraçı katibin müavini, gənclər və könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin sədri Mətanət Məhərrəmova, Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisi Natiq Zülfüqarlı və universitetin müəllim-tələbə heyəti iştirak edib.
Çıxışlarda QİÇS xəstəliyinin dünyada hər kəsi düşündürən aktual məsələlərdən olduğu bildirilib, bu infeksiyanın qarşısının alınması məqsədilə maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Gənclərə İİV infeksiyası və ondan qorunma üsulları, sağlam və təhlükəsiz həyat tərzi barədə ətraflı məlumat verilib.
Tədbir iştirakçılarını maraqlandıran suallar mütəxəssis tərəfindən cavablandırılıb.
Sonra universitetin foyesində AİDS Mərkəzinin mütəxəssisləri tərəfindən könüllü olaraq tələbə və universitetin əməkdaşları İİV-test müayinəsindən keçiblər. Təxminən 500 yaxın könüllü test müayinəsində iştirak edib.