ELM VƏ TƏHSİL
Tələbələr Mikrobiologiya İnstitutunda aparılan elmi-tədqiqat işləri ilə tanış olublar
Bakı, 11 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) biotibbi texnologiyalar mühəndisliyi üzrə ixtisaslaşan tələbələri AMEA-nın Mikrobiologiya İnstitutunda olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqsəd gənclərin elmi potensialının yüksəldilməsi və gələcək üçün savadlı kadrların istiqamətləndirilməsi olub. İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradovla görüşən tələbələrə müəssisənin tarixi, beynəlxalq əlaqələri və mikrobiologiyanın müasir istiqamətlərinə dair aparılan elmi-tədqiqat işləri haqqında məlumat verilib. Bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd AMEA-da elmlə təhsilin vəhdətinin təmin edilməsi, kadr hazırlığı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi, həmçinin elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesində həyata keçirilməsidir.
Sonra tələbələr institutun mikrobioloji biotexnologiya laboratoriyasında aparılan elmi-tədqiqat işləri və müasir iş prinsipi ilə tanış olublar.