Tələbələr nazirlə görüşdülər
Bakı, 22 aprel (AZƏRTAC). Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Ekologiya işçi qrupunun fəaliyyəti təqdirəlayiqdir.
ATGTİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bunu Ekologiya işçi qrupunun fəalları ilə görüşdə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov demişdir.
Görüşün əvvəlində Ekologiya işçi qrupunun rəhbəri Surxay Novruzov İttifaq haqqında ətraflı məlumat vermiş, həyata keçirdiyi layihə və tədbirlərdən danışmışdır.
Nazir xüsusi vurğulamışdır ki, işçi qrupunun fəaliyyəti təqdirəlayiqdir və o öz fəaliyyət çərçivələrini daha da genişləndirməlidir. Məlumat vermişdir ki, zərərli maddələrin qarşısının alınması üçün ölkənin çaylarının keçdiyi bütün bölgələrdə 40-dan çox xüsusi təmizləyici qurğu quraşdırılmışdır. Maarifləndirmə işinin təşkilində ATGTİ-nin böyük köməyi ola bilər. “Biz birlikdə fəaliyyət göstərə bilərik. Bununla daha çox insanın diqqətini ekologiya məsələlərinə cəlb edərək bu sahənin nə qədər mühüm olduğunu cəmiyyətə aşılaya bilərik”, - deyə o vurğulamışdır.
H.Bağırov tələbələri maraqlandıran suallara cavab vermişdir.
Sonda tələbələr nazirə ATGTİ-nin mətbu orqanı olan “Böyük tənəffüs” qəzetinin bu günə qədər nəşr edilmiş nömrələrini təqdim etmişlər.
Diqqətə çatdırılmışdır ki, ATGTİ Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığını davam etdirmək niyyətindədir və birlikdə müxtəlifyönümlü layihələrin həyata keçirilməsini planlaşdırır.