CƏMİYYƏT
Tələbələr “YouthMUN 2015” BMT Model Konfransına hazırlaşırlar
Bakı, 21 aprel, AZƏRTAC
Sabunçu rayonu Gənclər Evində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və BMT İnkişaf Proqramının təşkilati dəstəyi ilə ADA Universitetinin ADAMUN klubu tərəfindən “Universitet tələbələri arasında BMT modeli” layihəsi çərçivəsində təlimlər keçirilib.
AZƏRTAC xəbər verir ki, təlimlər aprelin 25-26-da keçiriləcək “YouthMUN 2015” BMT Model Konfransına hazırlıq məqsədi ilə gerçəkləşib. Təlimlərin ilk günündə “BMT modelinin tarixi”, “Prosedural qaydalar” və “BMT konfranslarında rəsmi sənədlərin yazılması” ilə bağlı seminarlar təşkil edilib. Seminarlar zamanı Vyana BMT modelinin “Ən yaxşı iştirakçı” mükafatının qalibi Roza İsmayilova, “YouthMUN 2015” konfransının sədri və Latviya BMT modelinin “Fəxri iştirakçı” mükafatının sahibi Şeyla Rzayeva, bir çox beynəlxalq BMT modelinin iştirakçısı Azər Abasəliyev və ADAMUN klubunun sədri Səbuhi Xəlili öz təcrübələrini iştirakçılarla bölüşüblər.
Təlimlərin ikinci günü Gənclər və İdman Nazirliyinin gənclər şöbəsinin rəhbəri İndira Hacıyevanın “Azərbaycan Respublikasının gənclər siyasəti” haqqında çıxışı ilə başlayıb. Sonra İ.Hacıyeva iştirakçıların suallarını cavablandırıb. Daha sonra BMT-nin Bakı ofisinin əməkdaşı Ruslan İsmayılzadə BMT-nin “#YouthNow” kampanyası haqqında məlumat verib. Təlimlər ADA Universitetinin müəllimi Ülviyyə Hüseynovanın “Natiqlik” və BMT-nin Baş Qərargahında BMT baş katibinin Gənclər üzrə Elçisinin Ofisinin əməkdaşı Vüqar Allahverdiyevin “Gənlər üçün fəaliyyət üzrə Dünya Proqramı” barədə çıxışları ilə yekunlaşıb.
Qeyd edək ki, “YouthMUN 2015” konfransı aprelin 25-26-da Sabunçu rayonu Gənclər Evində keçiriləcək. Konfransda Bakının müxtəlif universitetlərindən tələbələr iştirak edəcəklər.