MƏDƏNİYYƏT
Tələbələrin iştirakı ilə müasir ədəbi proseslə bağlı fikir mübadiləsi aparılıb
Bakı, 3 mart, AZƏRTAC
Martın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetində “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəslə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir yaradıcı gənclərin istedad və bacarıqlarını üzə çıxarmaq, onlara mətbuat səhifələrində imzalarını təsdiq etmələrinə şərait yaratmaq məqsədilə keçirilib.
Tədbirdə çıxış edən filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov bildirib ki, bu məcmuə adına uyğun olaraq daim ulduz kimi parlayan, istedadlı bir gəncliyin jurnalıdır. 1967-ci ildə xalq şairi Cabir Novruzun redaktorluğu ilə fəaliyyətə başlayan bu mətbuat orqanı bu gün də yaradıcı, istedadlı gənclərin yazıçı kimi formalaşmasında mühüm rol oynayır, onlara dəstək olur.
Jurnalın keçdiyi tarixə nəzər salan B.Xəlilov topluya müxtəlif zamanlarda tanınmış söz adamlarının rəhbərlik etdiyini söyləyib.
Sonra tələbələrin çıxışları dinlənilib, müasir ədəbi proseslə bağlı fikir mübadiləsi aparılıb və “Ulduz” jurnalının baş redaktoru tərəfindən suallar cavablandırılıb.