İQTİSADİYYAT
Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində “İntertek-Moody International” şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir
Bakı, 20 iyul (AZƏRTAC). ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində Böyük Britaniyanın “İntertek” Məsləhət və Təlim şirkətinin Avropa və MDB ölkələri üzrə regional direktoru Don Makqreqor, “İntertek-Moody International” şirkətinin Bakı ofisinin Biznes inkişaf departamentinin müdiri Riza Şəkuri və biznesin təminatı üzrə baş menecer Cavidan Məlikova ilə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdə idarənin rəisi Fuad Süleymanov ARDNŞ-in beynəlxalq şirkətə çevrilməsi üçün reallaşdırılan kadr hazırlığı proqramı və kadr potensialının müasirləşdirilməsi istiqamətində təlim kurslarının və praktiki seminarların əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində “vizual müayinə inspektoru”, “ətraf mühitin mühafizəsi”, “keyfiyyət”, “əməyin mühafizəsi və təhlükəsizlik texnikası”, “personal sertifikatlaşdırmasını həyata keçirən müəssisələr üçün ümumu kriteriyalar”, “sınaq və kalibrasiya laboratoriyalarının bacarıqlığı üçün ümumi kriteriyalar”, ''enerji idarəetmə sistemi'', ''informasiya təhlükəsizliyi'' üzrə kurs və kompleks təlimlərin keçirilməsi daim diqqət mərkəzindədir. Qeyd olunan sahələrdə tərəfdaşlar ilə birlikdə müntəzəm kursların təşkili, sertifikatlaşdırma və təcrübə mübadiləsinin aparılması məsələlərinə toxunulmuşdur. Don Makqreqor təmsil etdiyi qurumun dünyada 110-dan çox ofisə və laboratoriyaya malik olduğunu, İntertek Məsləhət və Təlim şirkətinin zəngin təcrübəsinin yerli müəssisələr üçün faydalı olacağını bildirmişdir. “İntertek-Moody International” Bakı ofisinin nümayəndələri Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi üçün uyğunlaşdırılmış kurslar paketinin işlənib hazırlanacağını söyləmişlər.