ELM VƏ TƏHSİL
Təltif olunmuş təhsil işçiləri ilə görüş
Bakı, 20 dekabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) səmərəli fəaliyyətinə görə təltif edilmiş bir qrup təhsil işçisinə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı” təqdim olunub.
Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə təşkil olunan tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev təltif olunan müəllimləri təbrik edib, onlara təhsil sahəsindəki səmərəli fəaliyyətlərində uğurlar arzulayıb. Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, təhsil sahəsində aparılan islahatlardan danışan idarə müdiri ölkəmizdə təhsil işçilərinin, xüsusən də müəllimlərin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu vurğulayıb. Qeyd edib ki, dövlətin məktəbə, təhsilə, müəllimə göstərdiyi diqqətin nəticəsində bu gün müəllim peşəsinə təkcə qadınların deyil, kişilərin də marağı artıb. Həmçinin gənclərin təhsil sahəsində çalışmağa xüsusi səy göstərdiklərini vurğulayan idarə müdiri buna zəmin yaradan səbəbləri sadalayıb.
Sonra təhsilin inkişafındakı xidmətlərinə və gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə təltif olunmuş 16 təhsil işçisinə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 20 nəfər təhsil işçisinə isə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı” təqdim edilib.
Təhsil işçiləri onların əməyinə verilən dəyərə görə təşəkkürlərini bildirib və bundan sonra da öz üzərlərinə düşən məsul vəzifənin öhdəsindən layiqincə gələcəklərini söyləyiblər.