“TƏMİZ HAVA” AYLIĞI BAŞA ÇATMIŞDIR
Tədbirin məqsədi “Atmosfer havasının mühafizəsi haqqında” Qanunun tələblərinin icrası, Bakı şəhərində nəqliyyat vasitələrinin atmosfer havasının çirkləndirməsinin hazırkı vəziyyətinin öyrənilməsi, atmosferə zərərli maddələrin atılması nəticəsində ətraf mühitə və insan sağlamlığına dəymiş zərərin müəyyənləşdirilməsi, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin istismara buraxılmasının qadağan edilməsi olmuşdur.
Aylıq çərçivəsində Bakıda 35 avtonəqliyyat müəssisəsində və nəqliyyat sexlərində yoxlama aparılmış, yollarda reydlər həyata keçirilmişdir.
Müəssisələrdə yoxlanılmış 1001 avtomobildən 278-nin mühərrikinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu aşkar edilmişdir. Yoxlama zamanı profilaktik işlər aparılaraq 191 avtonəqliyyat vasitəsində karbon oksidinin miqdarı norma həddinə endirilmişdir. Xəzər Dəniz Gəmiçiliyinin avtobazasında 5, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin avtoparkında 4, “Körpü-Bina-Tikinti” MMC-nin qarajında 9, “Bakı Yükdaşıma Nəqliyyat” ASC-nin qarajında 3, “Qum Adası” NQÇİ-nin TSN-də 3, Dalma Qurğularının Təmiri və Kirayəsi İdarəsinin nəqliyyat sexində yoxlanılan 7 avtonəqliyyat vasitəsi atmosfer havasını norma həddindən artıq zərərli maddələrlə çirkləndirdiyi üçün həmin müəssisələrə qarşı ətraf mühitə dəymiş zərərin ödənilməsi məqsədilə müvafiq iddialar irəli sürülmüşdür.
Yoxlamaların nəticələrinə əsasən atmosfer havasının avtonəqliyyat vasitələri ilə normadan artıq çirkləndirilməsi nəticəsində dəymiş ziyanın ödənilməsi üçün 18 müəssisəyə qarşı 540 manat məbləğində iddia qaldırılmış, 1250 manat məbləğində ödəmə tətbiq olunmuş, aşkar olunmuş qanun pozuntularının və çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə icrası məcburi olan göstərişlər verilmişdir.
Eyni zamanda, Bakı şəhərinin küçə və magistral yollarında keçirilən reydlər zamanı 6000 avtomobildən 2151-də mühərriklərin işlənmiş qazlarında “CO”-nun və tüstünün miqdarının normadan artıq olduğu aşkar olunmuşdur. Bu avtomobillərin sürücüləri barəsində Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən protokollar tərtib edilərək inzibati qaydada məsuliyyət tədbirləri tətbiq edilmişdir.
“Təmiz hava” aylığı tədbirinin keçirilməsi ilə əlaqədar vətəndaşlar, fiziki və hüquqi şəxslər maarifləndirilmiş, müəssisə və təşkilatlarda ekoloji təbliğat işləri aparılmışdır.