DÜNYA
Tərcüməçi proqramına istifadəçinin səsi ilə danışmağı öyrətmişlər
Bakı, 12 mart (AZƏRTAC). Microsoft korporasiyasının tədqiqat bölməsi səsi tanıyan innovasiya texnologiyalı tərcüməçi işləyib hazırlamışdır. Technology Review xəbər verir ki, proqram nitqi sintez edərək onu istifadəçinin səsi ilə başqa dildə səsləndirməyi bacarır.
Layihənin rəhbəri Frenk Sun qeyd etmişdir ki, “ağıllı” tərcüməçi əvvəlcə nitqi mətnə çevirib tərcümə edir, sonra isə istifadəçinin səsi ilə onu səsləndirir. İstifadəçiyə başqa dildə danışmağı öyrətmək üçün proqrama səs nümunələri əldə etməsi üçün təqribən bir saat vaxt lazım olur.
Hazırda tərcüməçi 26 dil, o cümlədən ispan, italyan, ingilis və çin dilinin mandarin dialektini bilir. Sunun sözlərinə görə, Microsoft korporasiyasının yeni texnologiyası səyahətə çıxanlar və xarici dil öyrənən insanlar üçün faydalı olacaqdır, o, yeni sözləri düzgün tələffüz etməyi öyrədəcəkdir.
Sun həmçinin smartfonlar üçün yol nişanlarında Çin dilində olan yazıları ucadan oxuya bilən naviqasiya əlavəsini misal göstərmişdir.