REGİONLAR
Tərtərdə açıq səma altında seminar-müşavirə keçirilmişdir
Tərtər, 12 sentyabr (AZƏRTAC). Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutu və Tərtər Regional Aqrar Elm Mərkəzinin təşkilatçılığı ilə Tərtər rayonunun Zolgörən kəndi ərazisində tarla günü - elmi praktik seminar-müşavirə keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Regional Aqrar Elm Mərkəzinin təcrübə tarlasında keçirilən tədbirdə aqrar elm sahəsində çalışan alimlər, Tərtər, Ağdam, Bərdə, Yevlax və Goranboy rayon icra hakimiyyətlərinin nümayəndələri, pambıqçılıqla məşğul olan fermerlər iştirak etmişlər.
Tədbir iştirakçıları Elmi Tədqiqat Pambıqçılıq İnstitutunda yetişdirilən yerli pambıq sortları ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, təqdim edilən pambıq sortları tez yetişən və məhsuldar olduğundan, qeyri-sabit hava şəraitinin məhsuldarlığa təsiri minimuma endirilir. Yerli sortlar yüksək aqrotexniki qulluq nəticəsində orta hesabla hər hektara 50 sentner məhsul vermək iqtidarındadır. Xaricdən gətirilən pambıq sortları isə gec yetişdiyindən fermerlər məhsul itkisi ilə üzləşirlər.
Seminar-müşavirə fermerlər arasında respublikanın torpaq və iqlim şəraitinə uyğun yerli pambıq sortlarını təbliğ etmək və yaymaq məqsədi daşımışdır.