CƏMİYYƏT
Tərtərdə əkin sahəsində raketin hissəsi aşkarlanıb
Bakı, 13 aprel, AZƏRTAC
Aprelin 13-də saat 08:04-də Daxili İşlər Nazirliyinin “102 Zəng Xidməti” Mərkəzindən, saat 08:22-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər rayonunun Şıxarx qəsəbəsində bir mərminin tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri ərazidə bir əkin sahəsinə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd “PQ-7” raketinin mühərrik hissəsi aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkarlanmış raketin ətrafında 800 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.
Yanvarın 1-dən aprelin 13-dək ANAMA tərəfindən 2443 partlamamış hərbi sursat, tank əleyhinə üç mina və 73 kiloqram partlayıcı maddə aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 59 min 415 kvadratmetr ərazi yoxlanılıb.