SİYASƏT
Tərtərdə Milli Qurtuluş günü qeyd olunmuşdur
Tərtər, 14 iyun (AZƏRTAC). Tərtər Rayon İcra Hakimiyyətində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə çıxış edənlər 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikamızda yaranmış ağır vəziyyəti, hökm sürən hərc-mərcliyi ətraflı təhlil etmiş, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından danışmışlar. Bildirilmişdir ki, dahi rəhbərin 1993-cü il iyunun 15-də xalqın təkidi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmiz xaosdan, vətəndaş müharibəsindən, iqtisadi tənəzzüldən xilas olmuş, siyasi sabitlik və inkişafa nail olunmuşdur. Qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti, yeritdiyi müdrik daxili və xarici siyasət nəticəsində dövlət müstəqilliyimiz dönməz xarakter almış, dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin yüksəlməsi sahəsində böyük işlər görülmüşdür.
Çıxışlarda vurğulanmışdır ki, ulu öndərin gördüyü nəhəng işlər, onun ideyaları, siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müstəqil Azərbaycan dövləti sürətlə inkişaf edir.