CƏMİYYƏT
Tərtərdə “Modern ailə prinsiplərinin regional media müstəvisində təbliğinə yardım” mövzusunda tədbir keçirilmişdir
Tərtər, 20 iyun (AZƏRTAC). Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Tərtər şəhərində “Modern ailə prinsiplərinin regional media müstəvisində təbliğinə yardım” mövzusunda “dəyirmi masa” keçirmişdir.
AZƏRTAC xəbər verir ki, Tərtər Peşə Təlim Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən tədbirə cəbhə bölgəsində fəaliyyət göstərən KİV-lərin əməkdaşları, yerli QHT-lərin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbirdə bölgədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin ailə-məişət və yetkinlik yaşına çatmayanlar mövzusunda materiallar yaymaq işinin təkmilləşdirilməsinə yardım göstərilməsi müzakirə olunmuşdur.
JuHİ sədri Müşfiq Ələsgərli bildirmişdir ki, ailələrlə KİV arasında təmasların intensivləşməsi, KİV redaksiyalarında isə ailə münasibətlərinə həssas yanaşmaq vərdişlərinin yaranması bölgədə ailə münasibətlərinin sağlam müstəvidə inkişafına mühüm töhfə verəcəkdir.
JuHi Tərtər şəhərindən əvvəl digər rayonlarda da bu cür tədbirlər keçirmişdir. Növbəti tədbirlər şimal bölgəsində olacaqdır.