Tərtərdə şagirdlərlə görüş təşkil olunub
Tərtər, 26 oktyabr, AZƏRTAC
Tərtər rayon Mədəniyyət Evində rayonun 45 məktəbində təhsil alan 300 şagirdin iştirakı ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları, Polis Akademiyasının müəllimləri, ictimaiyyət nümayəndələri və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edənlər gənclərin vətənpərvərlik ruhunda və sağlam böyümələrinin və müasir informasiya texnologiyaları haqqında bacarıqlara yiyələnmələrinin əhəmiyyətini qeyd ediblər. Gənclərimizə yaxşı təhsil almağın vacibliyi diqqətə çatdırılıb, dərslərində uğurlar arzulanıb.
Sonra Polis Akademiyasının tarixi, daxili işlər orqanlarında xidmətin şərəfliliyi, şagirdlərin DİN sistemində təhsilə təşviq edilməsi, sağlam həyat tərzinin təbliği mövzusundan bəhs olunub.
Sonda məktəblilərə Polis Akademiyasındakı tədris prosesinə həsr olunmuş videoçarx təqdim edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.