REGİONLAR
Tərtərdə ümumrayon iməciliyi keçirilib
Tərtər, 23 aprel, AZƏRTAC
Tərtər rayonunda abadlıq işləri mütəmadi olaraq davam etdirilir, iməciliklər keçirilir, abadlıq və təmizlik işləri görülür. Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən növbəti iməcilikdə idarə, müəssisə, təşkilatlarının kollektivləri, kommunal təsərrüfatı idarəsinin əməkdaşları, rayon sakinləri fəal iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarından başlayan iməcilikdə yol kənarları alaq otlarından təmizlənib, mövsümlə əlaqədar ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, təbii gübrələr verilib, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, çəmənliklərin biçilməsi, ağac və kollarda yaşıl budamanın aparılması işləri görülüb. Tərtər-Bərdə avtomobil yolunun kənarında yeni ağaclar əkilib. Park və istirahət yerlərində oturacaqlar yuyulub, ərazi ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Toplanan məişət tullantıları Kommunal Təsərrüfatı İdarəsinin xüsusi nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.
İməcilik tədbirləri gün ərzində keçirilib. Rayon ərazisində təmizliyinin lazımi səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər mütəmadi olaraq davam etdiriləcəkdir. Bu kimi təmizlik və abadlıq işləri, yeni yaşıllıqların salınması rayonumuzun daha da gözəlləşdirilməsinə böyük töhfə olacaq.