REGİONLAR
Tərtərli fermerlər 3427 hektarda çiyid səpini aparıblar
Tərtər, 15 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda pambıqçılıqla məşğul olan fermerlər çiyid səpinini başa çatdırıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cari mövsümdə rayonda 3427 hektarda çiyid səpini həyata keçirilib. Rayonda fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq” MMC və “P-Aqro” MMC ilə müqavilə bağlayan fermerlər texnika, toxum, gübrə və kimyəvi preparatlarla təmin edilirlər.
Səpin optimal müddətdə aparıldığı üçün artıq 3500 hektaradək sahədə yaxşı bitiş alınıb. Tərtərli pambıqçılar hazırda kultivasiya işlərini görürlər.
Qeyd edək ki, 2017-ci ildə 3123 hektar sahədən 8419,9 ton məhsul tədarük edərək orta məhsuldarlığa görə respublikanın pambıqçılıq rayonları arasında ön sırada dayanan Tərtər pambıqçıları ötən il də yüksək nəticəyə nail olublar. 3300 hektar sahədən 8196,5 ton məhsul tədarük edilib. Hər hektar pambıq sahəsində orta məhsuldarlıq 24,8 sentner olub. 2014-2018-ci illərdə Tərtər rayonunda pambığın əkin sahəsi 3,6 dəfə, məhsul istehsalı 4,1 dəfə, hər hektardan məhsuldarlıq 13,2 faiz artıb.