Tərtərli fermerlər təlimlərə cəlb olunub
Tərtər, 31 iyul, AZƏRTAC
Tərtər Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinatorluğu ilə əldə olunmuş razılığa əsasən “Tərtərli fermerlərə südsağan aparat alınması” layihəsi icra olunub. Məqsəd rayonda aqrar sektorun inkişafına dəstək vermək, heyvandarlıqla məşğul olan fermerlərin süd istehsalı potensialını artırmaqdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində heyvandarlıqla məşğul olan 50 nəfər tərtərli fermer üçün 2 günlük maarifləndirici təlim keçirilib.
Fermerlərin heyvan yetişdiriciliyi sahəsində nəzəri və praktiki biliklərinin artırılmasına töhfə vermək məqsədilə keçirilən təlimlərə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyindən ezam olunmuş 2 nəfər yüksəkixtisaslı mütəxəssis cəlb edilib.
Təlimin yekun günü Türkiyə istehsalı olan 50 ədəd müasir südsağan aparat fermerlərə təqdim olunub.
Müxbir – Tahir Ağaməmmədov