REGİONLAR
Tərtərli gənclər 2020-ci ilin ölkəmizdə "Könüllülər ili" elan edilməsini minnətdarlıq hissi ilə qarşılayıblar
Tərtər, 24 yanvar, AZƏRTAC
Ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların düzgün yetişdirilməsi, milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsi Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldub, ölkəmizi dünya miqyasında layiqincə təmsil etməyi bacarırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Tərtər rayonunda 2020-ci ilin Azərbaycanda "Könüllülər ili" elan edilməsi ilə əlaqədar gənclərlə keçirilən görüşdə səsləndirilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov gəncləri, könüllüləri 2020-ci ilin “Könüllülər ili” elan olunması münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkənin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədi daşıyır. 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi insanların sülhsevərlik, xeyirxahlıq kimi ümumbəşəri dəyərlər ətrafında birləşməsinə, Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclərin dövlətə, Vətənə bağlı, məsuliyyətli bir vətəndaş kimi formalaşmasına, uğurla həyata keçirilən gənclər siyasətinə yeni nəfəs verəcək.
Görüşdə çıxış edən könüllülər 2020-ci ilin "Könüllülər ili" elan edilməsinin tərtərli gənclər tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılandığını bildirib, gənclər üçün yaradılan şəraitə, onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Sonda Tərtər rayon könüllülər qrupunda fəaliyyətə qoşulmuş və könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vurmuş gənclərin hər birinə sertifikatlar təqdim edilib.