CƏMİYYƏT
Texniki Universitetdə Karyera sərgisi keçirilib
Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 14-də Azərbaycan Texniki Universitetində (AzTU) Karyera sərgisi keçirilib.
AZƏRTAC xəbər verir ki, sərgidə 79 şirkət tələbə və məzunlara müxtəlif vakansiyalar üzrə ümumilikdə 267-dən çox iş yerləri təklif edib.
“Karyerada ilk addım” şüarı altında keçirilən sərgidə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə SOCAR, “Bakı Metropoliteni”, “Azərişıq”, “Azercell”, “Bakcell”, “Nar”, “Azərsun” Holdinq, “Gilan” Holdinq, Sumqayıt Texnologiyalar Parkı, müxtəlif banklar, habelə digər dövlət və özəl şirkətlər tərəfindən vakant iş yerləri sərgiyə çıxarılıb.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini Şahbaz Xələfov qeyd edib ki, əmək yarmarkasında əsas məqsəd vətəndaşların məşğulluğunun təmin olunmasıdırsa, karyera sərgisində başlıca məqsəd gənclərin əmək bazarına inteqrasiyasıdır. İndiyə qədər Bakıda keçirilən karyera sərgilərində 2 minədək gəncin CV-si qəbul edilib və onlardan 150 nəfərdən çoxu işlə təmin olunub. Bugünkü sərgiyə dəvət olunan müəssisələrin əksər hissəsi texniki sahəni əhatə edir və tədbir həmin müəssisələri gənclərə tanıtmaq, onlarla əlaqə yaratmaq məqsədi də daşıyır. Universitetdə təhsilini başa vuran gənc hara və hansı müəssisəyə üz tutmaq lazım olduğunu indidən öyrənir.
AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov deyib ki, universitetdə vaxtaşırı tələbələrin istehsalat müəssisələri və müxtəlif şirkətlərin nümayəndələri ilə görüşləri keçirilir. Bugünkü tədbir də həmin silsilədən olan görüşlərdən biri olmaqla yanaşı, həm də bakalavr və magistrlərin istehsalat müəssisələri ilə əlaqələrini genişləndirmək yolunda əsaslı addım atmasına kömək edir. Tədbir tələbələrin işlə təmin olunması ilə yanaşı onların gələcəkdə keçəcəkləri istehsalat təcrübəsi istiqamətlərini müəyyənləşdirməyə də kömək edir.
Təxminən 1500-dək tələbə və məzunun iştirak etdiyi sərgidə dövlət və özəl şirkətlərin nümayəndələri təmsil etdikləri müəssisələr tərəfindən təklif olunan vakansiyalar haqqında iştirakçılara ətraflı məlumat veriblər. İşə düzəlmək arzusunda olan gənclərin CV-ləri qəbul edilib.