Azərbaycan Dövlət İnformasiya Agentliyi

TEXNİKİ YARDIM VƏ QRANT ALINMASINA DAİR SAZİŞLƏRİN BAĞLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ
QAYDALARI

Azərbaycan Respublikası Prezidentinin

2006-cı il 17 aprel tarixli

Fərmanı ilə təsdiq edilmişdir I. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından texniki yardım və ya qrant alınmasına dair sazişlərin (bundan sonra – sazişlər) bağlanması və təsdiq edilməsi prosedurunu tənzimləyir.

1.2. Bu Qaydaların əsas məqsədi 1.1-ci bənddə nəzərdə tutulan sazişlərin mühüm əhəmiyyət kəsb edən iqtisadi-sosial, institusional və struktur dəyişikliklərinə yönəldilməsini, habelə hərtərəfli əsaslandırılmış layihələrin hazırlanmasını təmin etməkdən ibarətdir.

II. Sazişlərin bağlanması və təsdiq edilməsi

2.1. Mərkəzi və digər icra hakimiyyəti orqanları tərəfindən sazişlərə dair danışıqlara başlanması haqqında təkliflər həmin sazişlərin layihələri əlavə olunmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.

2.2. Bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulan təkliflərə sazişlərin bağlanmasının məqsədəuyğunluğunu təsdiqləyən və bu sazişlərin bağlanmasının maliyyə-iqtisadi və ya institusional-texniki nəticələrini qiymətləndirən sənədlər və əldə olunacaq nəticələrə dair məlumatlar da əlavə olunur.

2.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Qaydaların 2.1-ci və 2.2-ci bəndlərində göstərilən təkliflərə bir ay müddətində baxır.

2.4. Bu Qaydaların 2.3-cü bəndində göstərilən müddətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti layihələri iqtisadi və hüquqi ekspertizaya göndərir. Layihələrin iqtisadi və hüquqi ekspertizaları müvafiq olaraq Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Zərurət olduqda, göstərilən nazirliklər iqtisadi və hüquqi ekspertizanın keçirilməsi üçün müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının, habelə bu sahədə ixtisaslaşmış təşkilatların xidmətlərindən istifadə edə bilərlər.

2.5. Azərbaycan Respublikasının Nazirlər Kabineti texniki yardım və ya qrant alınmasını məqsədəuyğun hesab edərsə, müvafiq icra hakimiyyəti orqanlarının rəhbərlərinə müvafiq donorla danışıqlara başlanmasına dair razılıq verir.

2.6. Layihələr Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olmalı, ölkənin qanunları və digər qanunvericilik aktları ilə əsasən ziddiyyət təşkil etməməlidir.

2.7. Saziş layihələri tərəflərlə razılaşdırıldıqdan sonra layihələrin yekun mətni Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.

2.8. Sazişi imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq icra hakimiyyəti orqanının rəhbərinə verilir.

2.9. Müvafiq qaydada tərəflər arasında imzalanmış saziş onu imzalamış icra hakimiyyəti orqanın rəhbəri tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilir və bu Qaydaların 2.10-cu və 2.11-ci bəndlərində müəyyən edilmiş tələblər gözlənilməklə, bir ay ərzində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunur.

2.10. Texniki yardım və qrant alınmasına dair sazişdə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydalardan fərqli qaydalar nəzərdə tutularsa, saziş Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir. Həmin saziş Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilir.

2.11. Texniki yardım və qrant alınmasına dair sazişdə Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə müəyyən edilmiş qaydalardan fərqli qaydalar nəzərdə tutularsa, həmin saziş Azərbaycan Respublikası Nazirlər Kabinetinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.

2.12. Azərbaycan Respublikasının Nazirlər Kabineti texniki yardım və qrantların məqsədli və səmərəli istifadəsinə dair məlumatı ildə bir dəfədən az olmayaraq və zəruri hallarda tələb olunduqda, layihə tam başa çatdıqdan sonra isə yekun hesabatı Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin