İQTİSADİYYAT
Təyyarə heyətlərinin üzvləri insan alveri qurbanlarını tanımağı öyrənəcəklər
Bakı, 5 yanvar, AZƏRTAC
BMT-də təyyarə heyətlərinin üzvlərinə insan alveri qurbanlarını müəyyən etməyi öyrədəcəklər.
AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığında təyyarə heyətlərinin üzvləri üçün insan alveri qurbanlarını üzə çıxarmağa dair təlimatlar təqdim edilib. Bununla əlaqədar, BMT-də “Alaska Airlines” aviaşirkətinin stüardessasının təyyarə tualetində məktub qoymaqla, bir qızı insan alverçilərinin əlindən necə xilas etməsi barədə faktı yada salıblar.
2010-cu ildə BMT Baş Məclisi qurumun insan alverçilərinə qarşı mübarizə üzrə Qlobal Fəaliyyət Planını bəyənib. BMT sisteminin müəssisələri bu planı həyata keçirməyə qoşulublar. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının köməyi və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) himayəsi ilə insan alveri hallarını necə üzə çıxarmağı heyət üzvlərinə öyrətmək üzrə təlimatlar işlənib hazırlanıb.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsi Yula Haddadin BMT Xəbərlər Mərkəzinə müsahibəsində bildirib ki, təlimatlarda insanın öz istəyi ilə səyahət edib-etmədiyini necə müəyyənləşdirməyə dair nümunələr gətirilib. Onun sözlərinə görə, heyət üzvlərinin müəyyən vaxt ərzində sərnişinləri müşahidə etmək imkanları var və onlar təlimatların köməyi ilə insan alverinin potensial qurbanını üzə çıxara bilərlər.
Təlimatlar İCAO və BMT Komissarlığında razılaşdırılandan dərhal sonra aviaşirkətlərə göndəriləcək.
İnsan alveri qazanc miqyasına görə qeyri-leqal silah və narkotik vasitə satışından sonra üçüncü yeri tutur. Dünyada on milyonlarla adam “canlı mal” alverçilərinin qurbanlarına çevrilir. Onlar zorla işlədilir, seksə məcbur edilir, orqanları çıxarılıb satılır. 2017-ci ildə 40,3 milyondan çox adam insan alverinin qurbanına çevrilib. Onların böyük hissəsi uşaqlar və qadınlardır.