REGİONLAR
Tezliklə Yevlax rayonunun daha bir yaşayış məntəqəsinə təbii qaz veriləcək
Yevlax, 4 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Ölkəmizdə əhalinin həyat səviyyəsinin yüksəldilməsi, infrastruktur və kommunal xidmətlərin inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır. Ən ucqar kəndlərdə belə əhalinin sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görülür, müxtəlif infrastruktur layihələri həyata keçirilir, o cümlədən yaşayış məntəqələrinin qazlaşdırılması işləri davam etdirilir. Onların arasında Yevlax rayonunun Meyvəli qəsəbəsi də var. Qəsəbənin sakinləri yaxın vaxtlarda təbii qazdan istifadə etməyə başlayacaqlar.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayonun 50 yaşayış məntəqəsindən 46-sı qazlaşdırılıb. Meyvəli qəsəbəsinin qazlaşdırılması işləri də başa çatmaq üzrədir. Qəsəbədə 11 min paqonmetr uzunluğunda müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətləri çəkilib. Qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Hazırda sayğaclar və fərdi tənzimləyicilər quraşdırılır. Bu işlər başa çatdırıldıqdan sonra kənddəki 120 evə “mavi yanacaq” veriləcək.