MƏDƏNİYYƏT
“TheatreHD” yay mövsümündə Birləşmiş Krallığın yeni və möhtəşəm teatr tamaşalarını Bakıya gətirir
Bakı, 12 iyun, AZƏRTAC
“British Council Azərbaycan” “TheatreHD” layihəsinin davamı olaraq yay mövsümündə Birləşmiş Krallığın ən yaxşı və ən yeni teatr tamaşalarını Bakıya gətirəcək.
“British Council Azərbaycan”dan AZƏRTAC-a bildirilib ki, iyun - sentyabr aylarını əhatə edəcək layihə “CoolConnections” şirkəti və Nizami Kino Mərkəzi ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.
Tamaşalardakı çıxışlar London və Birləşmiş Krallıqda böyük uğur qazanıb. Festivalın məqsədi ən yeni teatr tamaşalarını Azərbaycana gətirmək və Birləşmiş Krallığın ən yeni teatr trendlərini əks etdirməkdir.
Geridə qoyduğumuz yüzillikdə ilk dəfədir ki, Britaniya teatrının səhnəsində bütün tamaşaların bəlkə də üçdə ikisini təşkil edən orijinal pyeslər, musiqili komediyalar, operalar və pantomimalar hakimlik edir. Yüksək keyfiyyətli çəkiliş tamaşaçıda teatr zalında izləmə təəssüratı yaradır. Çəkilişlər auditoriyanın iştirakı ilə tamaşalardan canlı yayımlanır, kameralar kinoteatr tamaşaçılarının hər bir səhnəni ən yaxşı şəkildə izləyə biləcəkləri formada yerləşdirilir.
Bu yay Bakı sakinləri dörd məşhur tamaşanı izləyə biləcək. Bunlar “Mübtəlalıq” (Obsession), “Rosencrantz və Guildenstern dünyasını dəyişib” (Rosencrantz and Guildenstern are Dead), “Piter Pen” (Peter Pan) və “Virciniya Vulfdan kim çəkinir?” (Who’s Afraid of Virginia Woolf?) tamaşalarıdır.
Yay mövsümü bu gün “Mübtəlalıq” tamaşası ilə açılır. Bu tamaşa iyulun 26-da da nümayiş olunacaq.
Məlumat üçün bildirək ki, “Rosencrantz və Guildenstern dünyasını dəyişib” tamaşası iyunun 21-də və avqustun 23-də, “Piter Pen” iyulun 12-də, “Virciniya Vulfdan kim çəkinir?” isə avqustun 9-da təqdim ediləcək. Biletləri Nizami Kino Mərkəzinin kassalarında əldə etmək mümkündür.