ELM VƏ TƏHSİL
Tibb hüququ sahəsində Azərbaycanda ilk Beynəlxalq Müdafiə Şurası keçirilib
Bakı, 14 mart, AZƏRTAC
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda Azərbaycanda ilk olaraq tibb hüququ sahəsində alimlərin yetişdirilməsinə başlanılıb. Tibb hüququ sahəsində Azərbaycanda ilk Beynəlxalq Müdafiə Şurası keçirilib və “Zoom” platforması üzərindən yayımlanıb.
Bu barədə AZƏRTAC-a Hüquq və İnsan haqları İnstitutundan məlumat verilib. Bildirilib ki, institutun dissertantları Vəfa Məmmədova və Fidan Rüstəmovanın hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün açıq müdafiə şurası keçirilib.
Namizədlər müdafiə şurasına “Səhiyyə sistemində korrupsiya xarakterli əməllərin bioetik və hüquqi xüsusiyyətləri: beynəlxalq təcrübə və Azərbaycan Respublikası” və “Pasiyentlərin məlumatlandırılmış razılıq hüququ: beynəlxalq təcrübə və milli qanunvericilik” mövzularında dissertasiya işləri təqdim ediblər.