CƏMİYYƏT
Tibb işçiləri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər
Bakı, 17 iyun (AZƏRTAC). Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə tibb ictimaiyyətinin nümayəndələri iyunun 17-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də əklil qoyulmuş, gül dəstələri düzülmüşdür.
Tibb işçiləri görkəmli ictimai xadim, böyük səhiyyə təşkilatçısı Əziz Əliyevin və Tamerlan Əliyevin də məzarları üzərinə tər çiçəklər düzmüşlər.
Sonra Şəhidlər xiyabanına gələn tibb işçiləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.