REGİONLAR
Tibb xidməti polkovnik-leytenantı şəhid Rasim Abdullayevin xatirəsinə abidə bulaq kompleksi istifadəyə verilib
Xırdalan, 22 fevral, AZƏRTAC
Azərbaycanın Zəfəri ilə başa çatmış 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş ən yüksəkrütbəli hərbi həkim, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuş tibb xidməti polkovnik-leytenantı Abdullayev Rasim Yaqub oğlunun anadan olmasının 45-ci ili münasibətilə Abşeron rayonunda abidə bulaq kompleksi istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilərlə birgə II Fəxri xiyabanda şəhidimizin məzarını ziyarət edib. Vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad olunub, ruhlarına dualar oxunub, məzarları üzərinə tər çiçəklər düzülüb.
Mərasim iştirakçıları sonra Bakı-Şamaxı yolunun kənarında, yolun Abşeron rayonuna düşən hissəsində yeni inşa edilən abidə bulaq kompleksinin istifadəyə verilməsində iştirak ediblər.
Bildirilib ki, şəhid Rasim Abdullayevin adının əbədiləşdirilməsi məqsədilə inşa edilən abidə bulaq kompleksi qara mərmərdən hazırlanıb, əraziyə su və kanalizasiya xətti çəkilib, şəhid haqqında zəruri məlumatlar abidəyə həkk olunub.
Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilən müvafiq göstəriş və tapşırıqlara uyğun olaraq kompleksin ətrafında kiçik park yaradılıb, ərazidə həmişəyaşıl ağac və gül kolları əkilib, müasir standartlara uyğun oturacaqlar və zibil yeşikləri quraşdırılıb, yol kənarındakı hasarların rənglənməsi həyata keçirilib, ərazidə təmir-abadlıq işləri aparılıb.
Tədbirdə şəhid Rasim Abdullayevin keçdiyi döyüş yolundan, göstərdiyi şücaətlərdən danışılıb, məktəblilər tərəfindən vətənpərvərliyə və qələbəyə aid şeirlər səsləndirilib.
Sonra Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində şəhid Rasim Abdullayevin həyat və fəaliyyətini və müxtəlif dövrlərdə qələmə aldığı şeirləri özündə əks etdirən “Son nida” kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, deputat Aqil Məmmədov, şəhid ailələri və rayon ictimaiyyəti iştirak edib.
Tədbirdə Abşeron məktəbliləri şəhid Rasim Abdullayevin şeirlərini səsləndiriblər.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev daha sonra şəhid Rasim Abdullayevin evinə gedərək, onun ailə üzvləri ilə görüşüb. Ailənin problemləri, qayğıları ilə maraqlanıb. RİH başçısı Abşeron rayonunda bundan sonra da şəhid ailələrinə və qazilərə diqqət və qayğının daimi olaraq göstəriləcəyini bildirib.
Şəhid Rasim Abdullayevin ailəsi onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək, buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.