RƏSMİ XRONİKA
TİCARƏT MƏRKƏZİ İLƏ TANIŞLIQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Prezident İlham Əliyev oktyabrın 23-də Mərəzə qəsəbəsində yeni tikilmiş Ticarət mərkəzi ilə də tanış olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, 3 hektar sahəni əhatə edən Ticarət mərkəzinin inşasına 2007-ci ilin aprelində başlanılmış və 6 ay ərzində işlər tamamlanmışdır. “Qobustan Holding” şirkəti tərəfindən inşa edilmiş Ticarət mərkəzi 3 bölmədən ibarətdir. Birinci bölmədə meyvə-tərəvəz, bostan məhsulları, balıq məhsulları və sair mallar satılır. İkinci və üçüncü bölmələrdə əsasən ticarət mağazaları yerləşir. Burada yundarama sexi və qəssabxana da fəaliyyət göstərir. Mərkəzdə 80 nəfərlik mehmanxana, yardımçı binalar vardır. Həyətdə gül saatı quraşdırılmış, ətraf ərazi abadlaşdırılmışdır. Burada təxminən 110 yeni iş yeri yaradılmışdır.
Prezident İlham Əliyev ayrı-ayrı mağazalara baxdı, məhsulların çeşidi və qiymətləri ilə maraqlandı, satıcı və alıcılarla söhbət etdi. Onlar bildirdilər ki, əvvəllər sakinlər lazım olan malları, məhsulları almaq üçün başqa yerlərə gedirdilər, indi isə burada hər şey var. Bu, Sizin ölkəmizdə apardığınız iqtisadi siyasətin nəticəsidir. Allah Sizin köməyiniz olsun!
Dövlətimizin başçısı avtomobil satışı mərkəzi ilə də tanış oldu, görülən işləri yüksək qiymətləndirdi, gələcəkdə rayonun daha da inkişaf edəcəyini bildirdi.