İQTİSADİYYAT
Tikinti norma və qaydalarının təkmilləşdirilməsi məqsədilə bir sıra normativ hüquqi sənədlər hazırlanmışdır
Bakı, 5 dekabr (AZƏRTAC). Hazırda qüvvədə olan tikinti norma və qaydalarının təkmilləşdirilməsi məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində “Avtonom istilik təchizatı mənbələrinin layihələndirilməsi üzrə Təlimat” və “Günəş isti su təchizatı qurğuları” adlı müvafiq AzDTN normativ sənədlərinin layihələri hazırlanmışdır.
Bu barədə AZƏRTAC-a komitənin şöbə müdiri Cahangir Qocayev məlumat verərək demişdir ki, bununla yanaşı, “Şəhər, qəsəbə və kənd məskəni hüdudları layihəsinin tərkibi, işlənilməsi, razılaşdırılması və təsdiqi qaydaları haqqında Təlimat” və “Dövlət Şəhərsalma kadastrının aparılması üçün ərazilərin funksional təyinatına görə Təsnifatı” da işlənib hazırlanmışdır.
Adları çəkilən sənədlər Azərbaycan Respublikasının şəhər, qəsəbə və kənd məskəni hüdudları layihəsinin tərkibi, işlənilməsi və təsdiqi qaydalarına və bu hüdudların naturada müəyyən edilməsinə, kodlaşdırılmasına dair əsas tələbatları müəyyənləşdirəcəkdir.
Bu sənədlər aidiyyəti təşkilatlarla razılaşdırıldıqdan sonra parlamentin müzakirəsinə çıxarılacaq və təsdiqlənəcəkdir.