DÜNYA
“Times”: 2019-cu ildə ABŞ neft və neft məhsullarının ixracına görə Səudiyyə Ərəbistanını geridə qoyacaq
Bakı, 12 mart, AZƏRTAC
“Times” qəzeti yazır ki, 2019-cu ildə ABŞ neft və neft məhsullarının ixracına görə 70 ildir bu sahədə liderliyi əlində saxlayan Səudiyyə Ərəbistanını geridə qoyacaq.
AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, qəzetin “Rystad Energy” tədqiqat şirkətinin hesabatına görə yaydığı informasiyada deyilir: “Çox qısa bir müddət əvvəl heç kimin ağlına belə gəlməyən bu dəyişiklik məhz bu il baş verəcək”.
Qeyd olunur ki, Səudiyyə Ərəbistanının neft ixrac etməyə başladığı 1950-ci illərdən bəri dünya neft bazarında ələ keçirdiyi liderlik yüksək texnologiyaları tətbiq edən Texas ştatında qaya nefti istehsalı ilə sona çatacaq. “Times” qəzetinə görə, artıq ABŞ qlobal miqyasda özünün neft hakimiyyətini bərqərar edir. O da vurğulanır ki, hazırda Texas neftinin dünya bazarlarındakı qiymətlərə mənfi təsiri fonunda Rusiya və Səudiyyə Ərəbistanı iqtisadiyyatları zəifləməyə başlayıb və hasilatı azaltmağa məcbur olublar.
“Rystad Energy” tədqiqat şirkətinin ortağı olan Per Maqnus Nisvin bildirib ki, Birləşmiş Ştatlarda neft və qaz ixracının artması büdcə kəsirinin də əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq. Onun qənaətinə görə, bütün bu proseslər cari ilin üçüncü rübündə başlayacaq. Hazırda Səudiyyə Ərəbistanı gündəlik 7 milyon barrel xam neft və 2 milyon barrel maye qaz hasil edir. ABŞ isə gündəlik 3 milyon barrel xam neft və 5 milyon barrel maye qaz ixrac edir. Ötən il Birləşmiş Ştatlarda gündəlik neft ixracı 2 milyon barrel və bu il də əlavə olaraq 1 milyon barrelədək artıb.