DÜNYA
Tokio Fond Birjasında səhmlərin qiyməti kəskin şəkildə aşağı enmişdir
Tokio, 24 may (AZƏRTAC). Mayın 24-də Tokio Fond Birjasında (TFB) səhmlərin qiyməti kəskin şəkildə aşağı düşmüşdür. Yaponiyanın 225 aparıcı şirkətinin səhmlərinin məzənnəsini əks etdirən Nikkey indeksi 1100 bənddən çox və ya 7 faiz enərək 14 483-ə bərabər olmuşdur. Bu, 2000-ci ildən bəri hərracların sonunda göstəricilərin əvvəlki günlə müqayisədə qeydə alınmış ən kəskin enməsidir. Belə kəskin eniş kotirovkaların son vaxtlar güclü artımına ehtiyatlı yanaşma fonunda baş vermişdir.
Günün ikinci yarısında TFB-də bütün spektrdən olan qiymətli kağızların satışı ilə əlaqədar sifarişlər daxil olmağa başlamışdır. Həmin gün səhər birja açıldıqdan dərhal sonra Nikkey indeksi 300 bənd artmışdı. Kotirovkaların enməsi Çinin sənaye göstəricilərinin gözlənildiyindən aşağı olması barədə məlumat alındıqdan sonra başlamışdır. Tokioda uzunmüddətli kreditlərin faiz dərəcələrinin artması ilə bağlı yenin məzənnəsinin enməsinin dayanması da səhmlərin satışında fəallaşmaya səbəb olmuşdur.
Birjanın elit seksiyası şirkətlərinin səhmlərinin qiymətini əks etdirən daha geniş TOPİX indeksi də 87 bənd enərək hərracların sonunda 1188-də dayanmışdır.
Digər Asiya ölkələrinin fond bazarlarında da səhmlərin qiyməti bütün spektrlər üzrə aşağı düşmüşdür.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio