İDMAN
Tokio Paralimpiadasına yollanacaq idmançılarımız ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 17 avqust, AZƏRTAC
“Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarının başlamasına sayılı günlər qalıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov, vitse-prezident İlham Zəkiyev, baş katib Kamal Məmmədov, Tokio Yay Paralimpiya Oyunlarında iştirak edəcək milli komandanın və nümayəndə heyətinin üzvləri avqustun 17-də Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Sonra Şəhidlər xiyabanına gələn paralimpiyaçılarımız Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycanda Paralimpiya hərəkatı ümummilli lider Heydər Əliyevin ölkəmizin rəhbərliyinə qayıdışından sonra yaranmış ictimai-siyasi sabitlik dövründə təsis edilib. Azərbaycan Prezidenti İlham Əliyevin idmançılarımıza göstərdiyi diqqət və qayğı qazanılan medal və lisenziya sayının rekord həddə çatması ilə nəticələnib. Məhz bu diqqət və qayğının nəticəsidir ki, ölkəmizi “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında idmanın 6 növünün 47 kateqoriyasında 36 idmançı təmsil edəcək.